Montessori qrupuna getməyin nəticəsinin görünməməsinin bir neçə səbəbi ola bilər..
Birinci səbəb: Hələ ki, 2-3 həftəlik adaptasiya dövrü keçməyib. Bu dövr uşaq üçün qrup, digər uşaqlar, böyüklər, materiallar və qaydalarla tanışlıq mərhələsidir. Bu mərhələdə nəticə gözləmək mənasızdır..
İkinci səbəb: Adaptasiyadan sonra ilk 2-3 ay ərzində uşaq əsasən “praktiki həyat vərdişləri” zonasında çalışır. Bu dövrdə əldə olunan nəticələr, əsasən, uşağın nizamlanması ilə bağlı olacaq: məsələn, əşyaları yerinə qoymaq, qab-qacağı krandan sonra yumaq, geyiminə və ayaqqabısına nəzarət etmək, gülləri sulamağa başlamaq və sadə mətbəx işləri ilə maraqlanmaq.
Lakin bütün bunlar yalnız bir şərtlə mümkün olacaq: əgər valideyn evdə də uşağa uyğun mühit yaradır və onun fəaliyyətinə şərait yaradırsa. Bu nə deməkdir? Valideyn müdaxilə etmir, səhvləri düzəltməyə çalışmır, sadəcə yönləndirir və müşahidə edir.
Üçüncü səbəb: Əgər uşaq Montessori mərkəzində bir yanaşma, bir qayda, özünə və ətraf mühitə qarşı müəyyən münasibət görürsə, amma evdə və ya yaxın ətrafında bunun tam əksi baş verirsə, onda uşaqda “ikili standartlar” formalaşır. Belə olan halda uşaq mərkəzdə nəticə göstərə bilər, amma evdə və başqa mühitlərdə bunu nümayiş etdirməyə bilər. Çünki evdə onun üçün uyğun, sadə və əsas ehtiyaclarını qarşılayan bir mühit yoxdur və valideynlər onun inkişaf ehtiyaclarını başa düşmür və bu yolda ona dəstək olmurlar.